Sözcü TV-yə FETÖ istintaqı çərçivəsində əməliyyat keçirilib

Sözcü TV-yə FETÖ istintaqı çərçivəsində əməliyyat keçirilib

Nizami Salmanov · Media ·

Türkiyədə Sözcü qəzeti, SZC TV telekanalı və onlarla əlaqəli şirkətlərə qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində telekanala qəyyum təyin olunduğu, İdarə Heyətinin sədri Funda Tuncer Sıdalının isə saxlanıldığı bildirilir. Bu barədə jurnalist Dilek Yaman Demir məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, əməliyyat Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. İstintaq zamanı Sözcü qəzetinin təsisçisi və sahibi Burak Akbayın FETÖ/PDY-nin məqsəd və göstərişlərinə uyğun olaraq qəzet və televiziya kanalı yaratdığı iddia edilib.

İddialara əsasən, Akbayın təşkilat daxilində rəhbər vəzifə tutduğu irəli sürülüb. Bildirilir ki, bu ittihamlar əsasında 2017-ci ildə onun barəsində ittiham aktı hazırlanıb.

İstintaq materiallarında Burak Akbayın xaricdəki bank hesabları vasitəsilə “Estetik Yayıncılık” və “Mega Ajans” şirkətlərini maliyyələşdirdiyi də iddia olunur.

Məlumata görə, əməliyyat çərçivəsində şirkətlərin dörd rəhbər və vəzifəli şəxsi barəsində həbs qərarı çıxarılıb.

Bununla yanaşı, Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən “Mega Ajans” şirkətinə qəyyum təyin edildiyi bildirilir.

Sözcü qəzeti və SZC TV ilə əlaqəli istintaqda irəli sürülən ittihamların məhkəmə qaydasında sübuta yetirilib-yetirilmədiyi barədə əlavə məlumat verilməyib.