SOCAR Green şirkətinin Risklərin İdarə ddilməsi departamentinin direktoru Əşrəf Həsənov, Günəş və Külək Enerjisi üzrə ekspert Əli Oruczadə və Layihə menecerinin müavini Alp Ar Tunga Cabbarlı Yaponiyada keçirilən beynəlxalq proqramda iştirak ediblər.
5–17 sentyabr tarixlərində keçirilən proqram Yaponiya Neft və Davamlı Enerji üzrə Əməkdaşlıq Mərkəzinin (JCCP) dəstəyi ilə təşkil olunub.
Proqram çərçivəsində Toyo Engineering Corporation və Mitsui & Co., Ltd. tərəfindən texniki və biznes sessiyaları keçirilib. Sessiyalarda metanol, ammonyak və davamlı aviasiya yanacağı (SAF) kimi yaşıl molekullar, enerji səmərəliliyinin artırılması texnologiyaları, rəqəmsal istehsalat həlləri, həyat dövrü üzrə mühəndislik, layihələrin icrası, investisiya imkanları və karbon bazarları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində SOCAR Green nümayəndələri şirkətin missiyası, həyata keçirdiyi layihələr və gələcək fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib, həmçinin Yaponiya şirkətləri ilə potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Proqramın yekununda Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METI) və JCCP nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Yaponiya ilə Azərbaycan arasında enerji və davamlı inkişaf sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

SOCAR Green nümayəndələri Yaponiyada keçirilən enerji proqramında iştirak ediblər
Aytac Dəniz · İqtisadiyyat ·