Sinqapurda keçiriləcək Formula 1 yarışlarının 2025-ci il üçün musiqi proqramı açıqlanıb. Yarışın təşkilatçıları tərəfindən təqdim olunan siyahıda dünya şöhrətli musiqiçilərin adları yer alır.
Redaksiya məlumat verir ki, Foo Fighters rok qrupu və K-pop ulduzu CL də daxil olmaqla, bir sıra məşhur musiqiçilər Formula 1 Sinqapur Qran Prisi 2025-də çıxış edəcəklər. Bu barədə məlumat mayın 14-də səhər saatlarında açıqlanıb. Artıq əvvəlcədən elan edilmiş Elton John və G-Dragon-a bu dəfə Foo Fighters, Smashing Pumpkins, CL, DJ Alan Walker, indoneziyalı müğənni Putri Ariani və yapon qrupu Babymetal qoşulacaq.
Məlumata görə, Foo Fighters oktyabrın 4-də, CL isə oktyabrın 3-də Zone 4 Padang səhnəsində çıxış edəcək. Smashing Pumpkins isə oktyabrın 5-də Zone 1 Wharf səhnəsində çıxış edəcək. Digər ifaçıların çıxış vaxtları daha sonra açıqlanacaq.
Təşkilatçılar bildiriblər ki, gələcək həftələrdə daha çox sənətçinin adı açıqlanacaq. Bu isə yarışsevərləri daha böyük sürprizlərin gözlədiyi anlamına gəlir. Formula 1 Sinqapur Qran Prisi 2025 oktyabrın 3-dən 5-dək keçiriləcək. Biletlərin satışı artıq başlanıb və yerlərin sayı məhduddur.
Beləliklə, Sinqapur Qran Prisi 2025, həm yarış həyəcanı, həm də musiqi şouları ilə yadda qalacaq.
Sevinc Kərimova
