Silahsızlanan PKK-lılar üçün Türkiyədə yeni təhlükəsizlik mexanizmi hazırlanır

Silahsızlanan PKK-lılar üçün Türkiyədə yeni təhlükəsizlik mexanizmi hazırlanır

Yulduz Səlimov · Media ·

Türkiyəyə gəlmək istəyən terror təşkilatı PKK üzvləri təhlükəsizlik bürokratiyası tərəfindən yaradılacaq xüsusi “doğrulama və təsdiqləmə mexanizmi”ndən keçiriləcək. Bu mexanizm silah qoyan şəxslərin ölkəyə dönüş prosesində əsas qərarverici struktur olacaq.

Redaksiya Türkiye Gazetesi-yə istinadla xəbər verir ki, MİT silah qoyan təşkilat üzvlərinin necə təhvil alınacağı, silahların taleyi və Türkiyəyə qayıdacaq şəxslərin hansı hüquqi prosedurlara tabe olacağı ilə bağlı texniki hazırlıqlara başlayıb. Məlumata görə, proses çərçivə qanunu qəbul edildikdən sonra tətbiq olunacaq.

Planlaşdırılan mexanizmə əsasən, Türkiyəyə qayıtmaq istəyən şəxslərin həqiqətən silah qoyub-qoymadığı, təşkilatla əlaqələrinin vəziyyəti və hüquqi statusu ayrıca yoxlanılacaq. Bu mərhələdən keçməyən şəxslərin dönüşünə icazə verilməyəcəyi bildirilir.

AK Parti mənbələri prosesin dayanmadığını, sadəcə mərhələli şəkildə aparıldığını bildirirlər. Türkiyə tərəfi əvvəlcə silah qoyma prosesinin faktiki şəkildə təsdiqlənməsini, daha sonra isə hüquqi və inzibati addımların atılmasını nəzərdə tutur.