Şi Cinpin ŞƏT Zirvəsində çoxqütblü dünya quruluşu üçün çağırış etdi

Şi Cinpin ŞƏT Zirvəsində çoxqütblü dünya quruluşu üçün çağırış etdi

Sevinc Kərimova · Siyasət ·

Çin Xalq Respublikasının sədri Şi Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tiencində keçirilən 25-ci Dövlət Başçıları Şurasının iclasında çıxış edərək çoxqütblü və ədalətli beynəlxalq nizamın vacibliyini vurğulayıb. O bildirib ki, ŞƏT hegemonluğa qarşı təsirli gücə çevrilərək qlobal ədalət və inklüziv qloballaşma üçün əməkdaşlığı gücləndirməlidir.

Redaksiya xəbər verir ki, Çin lideri təşkilatın artıq 26 ölkəni birləşdirən nəhəng əməkdaşlıq platformasına çevrildiyini və 30 trilyon dollarlıq iqtisadi potensial yaratdığını qeyd edib. Şi Cinpin enerji, yaşıl sənaye, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi, bu il üçün 280 milyon dollarlıq qrant dəstəyi, üzv ölkələrin banklarına 1,4 milyard dollarlıq kredit imkanı və 5 il ərzində 10 yeni “Luban Atelyesi”nin açılaraq 10 min nəfərə peşə təhsili verilməsini təklif edib.

İran Prezidenti Məsud Pezeşkiyan da iclasda çıxış edərək, ŞƏT-in daha konkret mexanizmlər yaratmasının vacibliyini vurğulayıb. O, xarici işlər nazirlərindən ibarət daimi böhran komitəsinin qurulmasını və “ŞƏT Xüsusi Hesablar” mexanizminin gücləndirilməsini təklif edib. Pezeşkiyan milli valyutalarla ticarətin artırılması və rəqəmsal ödəniş infrastrukturunun yaradılmasının da önəmini qeyd edib.

1996-cı ildə “Şanxay Beşliyi” formatında əsası qoyulan ŞƏT hazırda 10 üzv, 2 müşahidəçi və 14 dialoq tərəfdaşı ilə Avrasiyanın ən geniş siyasi-iqtisadi platformasıdır. Təşkilat Avrasiyanın 65 faizini, dünya əhalisinin 40 faizini və qlobal ümumdaxili məhsulun 30 faizini əhatə edir. Azərbaycan müşahidəçi tərəfdaşları sırasında yer alır.

Sevinc Kərimova