Səudiyyə şahzadəsi İranın BƏƏ-yə hücumlarını qınayıb

Səudiyyə şahzadəsi İranın BƏƏ-yə hücumlarını qınayıb

Könül Məmmədova · Media ·

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərinə qarşı hücumlarını qınayıb. O, BƏƏ Prezidenti Məhəmməd bin Zayedlə telefon danışığında Əbu-Dabinin təhlükəsizliyinə dəstəyini ifadə edib.

Redaksiya Səudiyyə Press Agentliyinə istinadla xəbər verir ki, Məhəmməd bin Salman hücumları “əsassız” adlandırıb və Səudiyyə Ərəbistanının BƏƏ-nin təhlükəsizliyi və sabitliyi ilə həmrəy olduğunu bildirib. Tərəflər telefon danışığında regiondakı son hadisələri və təhlükəsizliyin qorunması istiqamətində səyləri müzakirə ediblər.

Məlumata görə, Ərəb Liqasının baş katibi də İranın BƏƏ-yə hücumlarını pisləyib. O, bu cür addımların regionda gərginliyi artırdığını və dövlətlərin suverenliyinə qarşı təhdid yaratdığını bildirib.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani də BƏƏ-yə qarşı hücumları qınayan liderlər sırasında yer alıb. Doha tərəfi regional təhlükəsizliyin qorunması üçün eskalasiyanın dayandırılmasını və diplomatik həll yollarına üstünlük verilməsini vacib sayır.

Ərəb ölkələrinin ardıcıl reaksiyaları Körfəzdə İranla bağlı narahatlığın artdığını göstərir. BƏƏ-yə qarşı hücumlar Hörmüz boğazı ətrafında gərginliyin yüksəldiyi və enerji təhlükəsizliyinin əsas gündəm mövzusuna çevrildiyi vaxt baş verir.