Səudiyyə Ərəbistanı Məkkədə Həcc zəvvarlarını izləmək üçün qabaqcıl süni intellekt əsaslı müşahidə sistemlərindən istifadə etdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, sistem milyonlarla zəvvarın hərəkətini real vaxt rejimində monitorinq etmək üçün tətbiq olunur.
Məlumata görə, texnologiya kameralar, sensorlar və məlumat analiz alqoritmləri vasitəsilə izdihamın sıxlığını, hərəkət istiqamətlərini və potensial riskləri dərhal qiymətləndirir.
Sistem eyni anda yüz minlərlə insanın olduğu ərazilərdə təhlükəli sıxlıq, hərəkət dayanması, fövqəladə vəziyyət və digər riskləri əvvəlcədən müəyyən etməyə çalışır.
Səudiyyə rəsmiləri bu texnologiyanın əsas məqsədinin Həcc mərasimlərinin təhlükəsizliyini artırmaq və zəvvarların hərəkətini daha effektiv idarə etmək olduğunu bildirirlər.
Məkkədə hər il milyonlarla insanın toplaşması izdiham təhlükəsizliyini ən kritik məsələlərdən birinə çevirir.
Ekspertlər hesab edirlər ki, Sİ əsaslı nəzarət sistemləri böyük kütlə tədbirlərində risklərin azaldılmasına kömək edə bilər. Bununla belə, bu cür texnologiyalar şəxsi məlumatların qorunması və kütləvi müşahidə ilə bağlı sualları da gündəmə gətirir.
