ŞƏT Tiencin Bəyannaməsi: İnkişaf Bankı yaradılır, çoxqütblü dünya vurğulanır – SƏNƏD

ŞƏT Tiencin Bəyannaməsi: İnkişaf Bankı yaradılır, çoxqütblü dünya vurğulanır – SƏNƏD

Sevinc Kərimova · Siyasət ·

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının sammitində qəbul edilən Tiencin Bəyannaməsinin bəzi hissələri Hindistan Xarici İşlər Nazirliyi tərəfindən mətbuata açıqlanıb.

Redaksiya xəbər verir ki, bəyannamədə üzv ölkələrin ŞƏT İnkişaf Bankının yaradılması barədə razılığa gəldiyi təsdiqlənir. Həmçinin sənəddə bir sıra əsas müddəalar öz əksini tapıb.

Bəyannamədə 2025-ci ildə İkinci Dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin 80 illiyinin qeyd olunacağı xatırladılaraq, xalqların qəhrəmanlıq yaddaşının qorunması və tarixi dərslərin unudulmaması vurğulanır. Üzv dövlətlər BMT-nin sülh və təhlükəsizliyin təmin olunmasında unikal rolunu qeyd edir, təşkilatın daha ədalətli və çoxqütblü beynəlxalq sistemin formalaşmasında mərkəzi mövqeyini dəstəklədiklərini bəyan edirlər.

Sənəddə Avrasiya məkanında bərabər və bölünməz təhlükəsizlik memarlığının qurulmasında ŞƏT-in baza rolunu oynaya biləcəyi xüsusi vurğulanır. Bu çərçivədə “Avrasiya Çeşidliliyi və Çoxqütblülük Xartiyası” təşəbbüsünün aktuallığına diqqət çəkilir.

Üzv dövlətlər qarşılıqlı hörmət, ədalət, bərabərlik və faydalı əməkdaşlıq prinsipləri əsasında “Bir Yer. Bir Ailə. Bir Gələcək” ideyasını dəstəklədiklərini bildirirlər. Onlar beynəlxalq ictimaiyyəti “Ədalətli Dünya, Harmoniya və İnkişaf Naminə Qlobal Birlik” təşəbbüsünə qoşulmağa çağırırlar.

Tiencin Bəyannaməsində terrorizmin bütün formaları və təzahürləri qətiyyətlə pislənir. İkili standartların yolverilməzliyi vurğulanaraq, terrorla mübarizədə BMT-nin mərkəzi rol oynaması tələb olunur. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və Qlobal Terrorizmə Qarşı Strategiyanın tam icrası vacib sayılır.

Sənəddə həmçinin Mərkəzi Asiyanın ŞƏT-in nüvəsi olduğu vurğulanaraq, bölgədə sülh, sabitlik və təhlükəsizliyin qorunmasına dair regional dövlətlərin səylərinə dəstək ifadə olunur.

Sevinc Kərimova