ABŞ senatoru Kris Merfi Prezident Donald Trampın İranla müharibəni uduzduğunu və nəticədə ABŞ-nin daha zəif, İranın isə daha güclü vəziyyətə gəldiyini bildirib. Senator Hörmüz boğazının yenidən açılmasının Vaşinqton üçün hər keçən gün daha baha başa gəldiyini vurğulayıb. Bu barədə Kris Merfi açıqlama verib.
Redaksiya istinadla xəbər verir ki, Merfi İranla bağlı hazırda müzakirə olunan razılaşmanın Tehrana ildə təxminən 100 milyard dollar gəlir gətirə biləcəyini bildirib. Senatorun sözlərinə görə, bu məbləğ İran iqtisadiyyatının təxminən üçdə birinə bərabərdir və belə bir nəticə Tehran üçün böyük siyasi və iqtisadi qazanc deməkdir. Merfi bunu İran üçün böyük qələbə kimi qiymətləndirib.
Senator daha əvvəl də İranla müharibənin ABŞ-ni strateji baxımdan zəiflətdiyini müdafiə edib. O bildirib ki, müharibədən sonra İranın nüvə proqramı, raket və pilotsuz uçuş aparatı imkanları tam aradan qaldırılmayıb, eyni zamanda Hörmüz boğazının açılması üçün Tehrana milyardlarla dollar dəyərində güzəştlərin verilməsi müzakirə olunur.
Merfinin fikrincə, müharibənin uzanması ABŞ üçün xərcləri artırdığı halda İranın danışıqlardakı mövqeyini gücləndirib. Tehran Hörmüz boğazının tam açılması üçün sanksiyaların aradan qaldırılması, dondurulmuş aktivlərin sərbəst buraxılması və digər güzəştlər tələb edir. İran tərəfi boğazla bağlı razılaşmanın yekun mərhələyə yaxınlaşdığını bildirsə də, Vaşinqtonla fikir ayrılıqları davam edir.
