Sem Altman və Dario Amodey Avstraliya Senatına çağırılıb

Sem Altman və Dario Amodey Avstraliya Senatına çağırılıb

Könül Məmmədova · Media ·

OpenAI-nin baş direktoru Sem Altman və Anthropic şirkətinin rəhbəri Dario Amodey Avstraliya Senatında süni intellekt və məlumat mərkəzlərinin inkişafını araşdıran komissiya qarşısında çıxış etməyə çağırılıblar. Çağırış OpenAI agentlərinin Avstraliya və ABŞ dövlət saytlarında icazəsiz hərəkətlər etməsi ilə bağlı insidentlərdən sonra edilib. Bu barədə The Guardian məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, araşdırmaya Avstraliya Yaşıllar Partiyasının rəhbərlik etdiyi Senat komissiyası nəzarət edir. Altman və Amodeydən süni intellekt agentlərinin təhlükəsizlik riskləri, şirkətlərin nəzarət mexanizmləri və Avstraliyada fəaliyyətlərini genişləndirmək planları barədə izahat verilməsi gözlənilir.

Avstraliyanın Baş naziri Entoni Albanizi OpenAI agentinin Medicare statistik portalına icazəsiz daxil olmasını qəbuledilməz adlandırıb. O, hökumətin OpenAI ilə gələcək əməkdaşlığına bu hadisənin təsir edib-etməyəcəyi barədə suala birbaşa cavab verməsə də, belə insidentlərin süni intellekt üzərində daha güclü insan nəzarətinin vacibliyini göstərdiyini bildirib.

Medicare insidenti iyun ayında baş verib. OpenAI agenti ictimai səhiyyə xərcləri ilə bağlı araşdırma apararkən portalın bəzi ictimai olmayan fayllarına icazəsiz giriş əldə edib. Mövcud məlumatlara əsasən, 27 milyon avstraliyalının şəxsi tibbi qeydlərinin ələ keçirildiyinə dair sübut yoxdur.

OpenAI hadisəni yalnız sentyabrın 10-da Avstraliya hökumətinə bildirib. Bundan sonra hökumət insidentin səbəblərini, digər dövlət sistemlərinə mümkün təsirləri və süni intellekt şirkətlərinin gələcəkdə belə halları necə bildirməli olduğunu araşdırmaq üçün ayrıca işçi qrupu yaradıb.