Boeing 737 MAX təyyarələrində eniş zamanı avtomatlaşdırılmış naviqasiya funksiyasına təsir göstərə bilən yeni proqram təminatı nasazlığı aşkarlayıb. Problem pilot kabinəsinin proqram təminatına edilən yeniləmədən sonra üzə çıxıb. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, nasazlıq təyyarə uğursuz eniş cəhdindən sonra ikinci dövrəyə qalxdıqda və ekipaj əvvəlcədən planlaşdırılmış uçuş marşrutunu dəyişdirdikdə özünü göstərə bilər. Belə vəziyyətdə avtomatlaşdırılmış uçuş istiqamətləndirmə funksiyası işləməyə bilər.
Boeing avqustun sonunda 737 MAX operatorlarına problem barədə məlumat verib və şirkətin ilkin qiymətləndirməsinə görə, nasazlıq birbaşa təhlükəsizlik riski yaratmır. Bununla belə, ABŞ Federal Aviasiya Administrasiyası məsələni araşdırır və Boeing-in təklif etdiyi düzəlişi nəzərdən keçirir.
Şirkət hazırda pilotlar üçün müvəqqəti prosedur və proqram təminatının daimi düzəlişi üzərində işləyir. Araşdırmanın nəticələri 737 MAX ailəsinin yeni modellərinin sertifikatlaşdırılması prosesinə də təsir göstərə bilər.
