Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrailin hücumları başlayandan bəri xüsusilə təcili yardım briqadaları və təcili yardım işçiləri hədəfə alınıb.
Redaksiya məlumat verir ki, son İsrail hücumunda Sur şəhərinə bağlı Burç Kalavay qəsəbəsində yerləşən bir səhiyyə mərkəzi hədəfə alınıb. Qeyd olunub ki, sözügedən mərkəz Səhiyyə Nazirliyinin nəzarətində, qeyri-hökumət təşkilatları ilə koordinasiyada fəaliyyət göstərən milli səhiyyə şəbəkəsinə aiddir.
Hücum zamanı mərkəzdə çalışan həkim, tibb bacısı və səhiyyə işçilərindən ibarət heyət hədəfə alınıb. Nəticədə 12 səhiyyə işçisi həyatını itirib, ağır yaralanan bir səhiyyə işçisi isə xilas edilib. Dağıntılar altında qaldığı ehtimal olunan 4 nəfər üçün axtarış-xilasetmə işləri davam edir.
Nazirlikdən verilən açıqlamada martın 2-dən bəri həyatını itirən səhiyyə işçilərinin sayının 26-ya, yaralananların sayının isə 51-ə yüksəldiyi bildirilib. Bu vəziyyətin İsrailin səhiyyə briqadalarını hədəf alan hücumlarının davam etdiyinin göstəricisi olduğu vurğulanıb.
Bundan əlavə, açıqlamada İsrail ordusunun təcili yardım maşınlarının hərbi məqsədlə istifadə edildiyi barədə iddialarının həqiqəti əks etdirmədiyi qeyd edilib. Səhiyyə işçilərinin və səhiyyə müəssisələrinin hədəfə alınmasının beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının açıq şəkildə pozulması olduğu ifadə edilib.
