Sabunçu Tibb Mərkəzinin terapiya şöbəsinin təşkilatçılığı ilə “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib.
Konfransda Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev, tabeli tibb müəssisələrinin rəhbərləri və fəxri qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi revmatoloji xəstəliklərin erkən əlamətləri, diaqnostikası və müalicə yanaşmaları barədə məlumatlılığın artırılması, eləcə də tibb mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin təşviq edilməsi olub.
Konfrans çərçivəsində məruzəçilər revmatoloji və terapevtik istiqamətləri əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər. Məruzələrdə revmatoloji xəstəliklərin erkən aşkarlanması, klinik əlamətlərin düzgün qiymətləndirilməsi və müasir diaqnostik yanaşmalar diqqətə çatdırılıb.
Tədbir mövzu ətrafında fikir mübadiləsi və peşəkar müzakirələrlə davam edib.
Sabunçu Tibb Mərkəzində bu kimi elmi-praktik tədbirlərin keçirilməsi tibb işçilərinin peşəkar biliklərinin artırılmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
