TƏBİB-in icraçı direktorunun müavinlərinin sayı artırıldı: Nazir təyin edəcək

TƏBİB-in icraçı direktorunun müavinlərinin sayı artırıldı: Nazir təyin edəcək

Aytac Dəniz · Səhiyyə ·

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (PHŞ) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

PHŞ-nin hüquq və öhdəlikləri, habelə əmlakı Səhiyyə Nazirliyinin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) keçib.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Səhiyyə Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

TƏBİB “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək PHŞ fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Səhiyyə Nazirliyinin yaratdığı komissiya həyata keçirəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, PHŞ-nin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Şura PHŞ-yə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. PHŞ-nin fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini var. İcraçı direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

Şuranın tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi (sədr), maliyyə nazirinin müavini, səhiyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.