İrlandiyanın aşağıbüdcəli aviaşirkəti Ryanair Almaniyada aviasiya vergiləri və hava limanı rüsumlarının artmasını əsas gətirərək Berlindəki əməliyyat bazasını bağlayacağını açıqlayıb. Şirkət qış cədvəlində Berlinə və Berlindən uçuşların sayını təxminən 50 faiz azaldacaq.
Qərara əsasən, Ryanair Berlində yerləşən 7 təyyarəsini daha aşağı xərcli Avropa bazalarına köçürəcək. Nəticədə şirkətin Berlində illik sərnişin sayı 4,5 milyondan 2,2 milyona düşəcək. Berlinə uçuşlar tam dayandırılmayacaq, lakin oktyabrdan etibarən şəhərə reyslər başqa bazalarda yerləşən təyyarələrlə həyata keçiriləcək.
Ryanair-in əməliyyat rəhbəri Eddi Uilson Almaniyada aviasiya sektorunun rəqabət qabiliyyətini itirdiyini bildirib. Onun sözlərinə görə, hökumət problemin olduğunu qəbul etsə də, yüksək aviasiya vergilərini və hava limanı haqlarını azaltmaq üçün real strategiya təqdim etmir. Uilson xatırladıb ki, Ryanair 2019-cu ildən bəri Frankfurt, Düsseldorf və Ştutqartdakı bazalarını bağlayıb, həmçinin Drezden, Leypsiq və Dortmund istiqamətlərində uçuşları dayandırıb.
Almaniyanın Verdi həmkarlar ittifaqı isə qərarı sərt tənqid edib. Təşkilat Ryanair-in addımını “tamamilə mənfəət yönümlü” qərar adlandırıb və şirkətin işçilərə uzun müddətdir asanlıqla əvəz edilə bilən resurs kimi yanaşdığını bildirib. Ryanair isə Berlində çalışan heyətə Avropadakı digər bazalara transfer təklif olunacağını açıqlayıb.
Qərar Avropa aviasiya sektorunun yanacaq qiymətləri və əməliyyat xərclərinin artması ilə üzləşdiyi dövrə təsadüf edir. Ryanair rəhbərliyi tədarük problemləri davam edərsə, yay sonuna qədər bəzi reyslərin ləğv oluna biləcəyi barədə də xəbərdarlıq edib.
