Son dövrlər Rusiyada WhatsApp messencerinin işində qeydə alınan nasazlıqların sayı artıb. Roskomnadzorun məlumatına görə, qurum platformaya qarşı tətbiq etdiyi məhdudiyyətləri davam etdirir. Bu barədə TASS agentliyi qurumun mətbuat xidmətinə istinadən xəbər yayıb.
Redaksiya xəbər verir ki, dekabrın 21–22-də Rusiyadan olan istifadəçilər WhatsApp-da kütləvi problemlər barədə daha tez-tez məlumat verməyə başlayıblar. “Sboy.RF” platformasının məlumatına əsasən, dekabrın 22-si saat 17:00-a olan vəziyyətə görə 3,5 mindən çox şikayət qeydə alınıb. Roskomnadzor bildirib ki, xarici platforma Rusiya qanunvericiliyini pozmaqda davam edir və bu səbəbdən xidmətə qarşı tədbirlər görülür.
Qurumun açıqlamasında WhatsApp-ın terror fəaliyyətlərinin təşkili, icraçıların cəlb edilməsi, eləcə də dələduzluq və digər cinayətlər üçün istifadə olunduğu iddia edilir. Roskomnadzor əlavə edib ki, qanunvericiliyin tələbləri yerinə yetirilməzsə, messencer tam bloklana bilər. Qeyd edək ki, WhatsApp-a qarşı məhdudiyyətlər 2025-ci ilin avqust ayından tətbiq olunmağa başlayıb, sonrakı aylarda isə qismən bloklamalar və tam məhdudlaşdırma ilə bağlı xəbərdarlıqlar edilib.
