Rusiya gecə saatlarında Ukraynanın Kiyev və Zaporojye bölgələrinə raket zərbələri endirib. Hücumlar nəticəsində Kiyevdə yanğınlar baş verib, Zaporojyedə isə 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar zamanı Şimali Koreya istehsalı KN-23 ballistik raketlərindən də istifadə edilib. Zərbələrin əsas hədəfləri arasında müdafiə sənayesi obyektləri, nəqliyyat və logistika mərkəzləri, eləcə də anbarlar göstərilir.
Kiyevdə hücumlardan sonra bir sıra ərazilərdə yanğınlar qeydə alınıb. Reuters-in məlumatına görə, paytaxtın mərkəzi rayonlarından birində anbarlara ziyan dəyib və bir nəfər yaralanıb. Şəhərdə gecə ərzində hava həyəcanı iki dəfə elan olunub.
Zaporojyedə isə raket və hava zərbələri daha ağır nəticələrə səbəb olub. Regional hakimiyyətin məlumatına görə, 5 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Hadisə yerindən yayılan görüntülərdə binaların və avtomobillərin alova büründüyü görünür.
