Qəzzanın tam işğalı planını təsdiqləndikdən sonra səslər yüksəldi

Qəzzanın tam işğalı planını təsdiqləndikdən sonra səslər yüksəldi

Sevinc Kərimova · Hərbi ·

İsrail Müdafiə naziri İsrail Kats və Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərinin işğalı üçün hazırlanan planları təsdiqləyib. Bu qərarla əlaqədar 60 min ehtiyat hərbçi hərbi xidmətə çağırılıb.

Redaksiya xəbər verir ki, İsrail mediası planın Qəzza şəhərinin tam işğalını nəzərdə tutduğunu açıqlayıb. Müdafiə Nazirliyində yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən toplantıdan sonra təsdiqlənən plana əsasən, 20 min ehtiyat hərbçinin xidmət müddəti əlavə olaraq 40 gün uzadılıb.

Planın icrası mərhələlərlə həyata keçiriləcək. İlk olaraq təxminən bir milyon fələstinlinin şəhərin cənubuna köçürülməsi, ardınca şəhərin mühasirəyə alınması və yaşayış məhəllələrinə zərbələrin endirilməsi nəzərdə tutulur. Bu proses “Gideonun Arabaları” əməliyyatının genişləndirilməsi çərçivəsində aparılacaq.

İsrail hökuməti avqustun 8-də Baş nazir Benyamin Netanyahunun təqdim etdiyi, Qəzzanın mərhələli şəkildə işğalını əhatə edən planı təsdiqləmişdi. Avqustun 11-də isə İsrail ordusu Qəzza şəhərinin cənub-şərqində yerləşən əl-Zeytun məhəlləsinə hücum təşkil etmişdi.

Keçmiş İsrail baş naziri Ehud Barak planın girovların azad edilməsini mümkünsüz edəcəyini və əməliyyat zamanı onların həlak ola biləcəyini bəyan edib.

Hazırda İsrail və HƏMAS arasında vasitəçilərin iştirakı ilə atəşkəs danışıqları aparılır. HƏMAS Misir və Qətərin təqdim etdiyi 60 günlük müvəqqəti atəşkəsi qəbul edib. Lakin İsrailin işğal planı bu danışıqların dayandırılmasına gətirib çıxara bilər.

7 oktyabr 2023-dən bəri davam edən müharibədə 62 mindən çox fələstinli həlak olub, 156 mindən artıq insan yaralanıb, 10 mindən çox adam isə itkin düşüb. Rəsmi məlumatlara görə, aclıqdan ölənlərin sayı 266 nəfərə çatıb ki, onlardan 112-si uşaqdır.

Sevinc Kərimova