İranın Hörmüz boğazındakı Qeşm adasını böyük hərbi qalaya çevirdiyi bildirilir. Məlumata görə, adada yeraltı raket sığınacaqları, sahil müdafiə sistemləri və SEPAH-a bağlı dəniz qüvvələrinin infrastrukturu gücləndirilib.
Redaksiya Al Jazeera və Reuters-ə istinadla xəbər verir ki, Qeşm adası İranın Hörmüz boğazına nəzarət strategiyasında əsas nöqtələrdən biri hesab olunur. Ada Bəndər-Abbas yaxınlığında yerləşir və boğazdan keçən dəniz yollarına birbaşa təsir imkanı yaradır.
Hərbi ekspertlər bildirirlər ki, Qeşmdəki yeraltı “raket şəhərləri” İranın asimmetrik dəniz müharibəsi doktrinasının mühüm hissəsidir. Bu sistemlər sürətli katerlər, sahil batareyaları, gəmi əleyhinə raketlər və dronlarla birlikdə boğazda hərəkət edən ABŞ və müttəfiq qüvvələri üçün ciddi risk yarada bilər.
Açıq mənbələrdə İranın Qeşm və yaxın adalarda uzun illərdir gəmi əleyhinə raketlər yerləşdirdiyi qeyd olunur. Daha əvvəl yayılan peyk və geolokasiya təhlillərində adada Noor tipli gəmi əleyhinə raket sistemləri və raket batareyalarının görüntüləndiyi bildirilmişdi.
Mütəxəssislərin fikrincə, Qeşmin hərbi üstünlüyü onun coğrafi mövqeyindən irəli gəlir. Ada həm İran materikinə yaxın yerləşir, həm də Hörmüz boğazının qərb girişinə nəzarət üçün əlverişli mövqe yaradır.
Bu səbəbdən Qeşm adası ABŞ üçün potensial “tələ zonası” kimi qiymətləndirilir. Burada mümkün hərbi əməliyyat həm yeraltı raket infrastrukturu, həm dar dəniz keçidləri, həm də İranın sürətli kater və dron taktikaları səbəbindən yüksək riskli sayılır.
