Politico: Tramp Kuba rejiminin tam devriləcəyinə inanmır

Politico: Tramp Kuba rejiminin tam devriləcəyinə inanmır

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubada hakimiyyət dəyişikliyi ilə bağlı müxtəlif ssenariləri qiymətləndirir. Məlumata görə, Vaşinqton Havanaya qarşı təzyiqi artırsa da, mövcud rejimin tamamilə aradan qaldırıla biləcəyinə əmin deyil.

Redaksiya Politico-ya istinadla xəbər verir ki, Tramp Kuba ilə bağlı bir neçə mümkün variantı nəzərdən keçirir. Lakin ABŞ rəhbərliyində belə qənaət var ki, Kuba hakimiyyət sistemi uzun illər ərzində formalaşmış qapalı siyasi struktur üzərində qurulduğundan onun tam şəkildə dağıdılması asan görünmür.

Son həftələrdə ABŞ-ın Kuba siyasətində sərtləşmə müşahidə olunur. Ağ Ev mayın 1-də Kuba rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb və bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırıb. ABŞ Senatı isə aprelin 28-də Tramp administrasiyasının Kubaya qarşı mümkün hərbi addımlarını Konqresin icazəsi ilə məhdudlaşdırmağa yönələn təşəbbüsü bloklayıb.

Kuba rəhbərliyi ABŞ-ın təzyiqlərini ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirir. Ekspertlər hesab edirlər ki, iqtisadi böhran, enerji çatışmazlığı və sosial narazılıqlar fonunda Havanaya təzyiq artsa da, Kubada hakimiyyət dəyişikliyi ssenarisi hələlik qeyri-müəyyən olaraq qalır.