Plastik butulkalardan mütəmadi şəkildə su istehlakı insan orqanizminə daxil olan mikroplastiklərin miqdarını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər bu cür istehlak vərdişinin uzunmüddətli sağlamlıq riskləri yarada biləcəyini bildirirlər.
Redaksiya məlumat verir ki, yeni elmi icmalın nəticələrinə əsasən, qablaşdırılmış su içən şəxslər kran suyundan istifadə edən insanlarla müqayisədə il ərzində on minlərlə daha çox mikroplastik hissəciyi qəbul edirlər.
Araşdırmada qeyd olunur ki, mikroplastiklər plastik qabların istehsalı, daşınması və saxlanması prosesində suya qarışır. Bu hissəciklər insan orqanizmində yığıla və müxtəlif sistemlərə potensial mənfi təsir göstərə bilər.
Mütəxəssislər vətəndaşlara mümkün olduqda alternativ su mənbələrindən istifadə etməyi, xüsusilə filtrlənmiş kran suyuna üstünlük verməyi tövsiyə edirlər. Bununla yanaşı, plastik tullantıların azaldılmasının ümumi ekoloji və ictimai sağlamlıq baxımından vacib olduğu vurğulanır.
