ABŞ-də Google Pixel smartfon sahibləri telefonlarda süni intellekt (Sİ) funksiyalarının çoxluğu ilə bağlı narazılıqlarını artırırlar. İstifadəçilər Reddit və digər sosial şəbəkələrdə bildirirlər ki, Android-in sadəliyi və anlaşıqlığı Sİ-nin geniş inteqrasiyası səbəbindən azalır.
Redaksiya xəbər verir ki, istifadəçilər xüsusilə Pixel 7 kimi əvvəlki modellərin daha sadə interfeysini üstün tuturlar. Şikayətlərə görə, axtarış panelində tam ekran Sİ funksiyaları və ekran görüntülərinin redaktəsində əlavə menyular istifadəçi təcrübəsini çətinləşdirir. Məsələn, ekranda olan mətni tərcümə etmək üçün artıq Google Lens açmaq və xüsusi ikonaya klikləmək lazımdır, əvvəllər isə bu sadə bir kliklə həyata keçirilirdi.
Bəzi Pixel sahibləri Sİ funksiyalarını söndürməyi və ya GrapheneOS kimi xüsusi proqram təminatına keçməyi düşünürlər. İstifadəçilər iki qrupa bölünüblər: biri Magic Eraser və genişləndirilmiş axtarış kimi xüsusi alətləri faydalı hesab edir, digərləri isə bu funksiyaların xüsusilə operativ yaddaş baxımından daha çox resurs tələb etdiyini bildirir.
