İran Prezidenti Məsud Pezeşkian dünya katoliklərinin liderinə ünvanladığı mesajda onun İrana qarşı son hərbi hücumlarla bağlı mövqeyini yüksək qiymətləndirib.
Redaksiya məlumat verir ki, Pezeşkian Papanın ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı “mənəvi və məntiqli mövqeyinə” görə təşəkkür edib. O bildirib ki, bu hücumlar təkcə İrana deyil, beynəlxalq hüquqa və insan dəyərlərinə qarşı yönəlib.
İran prezidenti qeyd edib ki, Tehran legitim müdafiə hüququ çərçivəsində “təcavüzkarların hədəf və maraqlarına” cavab zərbələri endirib. Onun sözlərinə görə, İran öz təhlükəsizliyini qorumaq hüququndan istifadə edib.
Pezeşkian əlavə edib ki, İran İslam Respublikası diplomatiyaya və sülh yolu ilə həll variantlarına sadiq qalır. Tehran münaqişənin genişlənməməsi üçün beynəlxalq ictimaiyyətin daha məsuliyyətli davranmalı olduğunu bildirir.
İran lideri beynəlxalq ictimaiyyəti ABŞ-ın qanunsuz addımlarına qarşı mövqe bildirməyə çağırıb. Onun sözlərinə görə, mövcud böhranın həlli beynəlxalq hüquqa hörmət və hərbi eskalasiyanın dayandırılması ilə mümkündür.
