Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə limanında neft tankerlərinin sayının kəskin azaldığı bildirilir. Yeni peyk görüntülərinə əsasən, liman ətrafında hazırda cəmi iki tanker görünür və terminalda yalnız bir iri VLCC tipli gəminin dayandığı qeyd olunur.
Redaksiya Reuters və tanker izləmə məlumatlarına istinadla xəbər verir ki, Fuceyrə yaxınlığında qeydə alınan naməlum mərmi və dron insidentlərindən sonra limanın ixrac fəaliyyəti təzyiq altına düşüb. Fuceyrə BƏƏ-nin Hörmüz boğazından yan keçərək neft ixrac etməsinə imkan verən əsas strateji çıxış nöqtəsidir.

Məlumata görə, limandakı tanker hərəkətinin azalması növbəti ay BƏƏ-nin xam neft ixracında yenidən enişə səbəb ola bilər. Fuceyrə terminalı normal şəraitdə BƏƏ-nin Murban neftinin mühüm hissəsini dünya bazarına çıxarır.
BƏƏ-nin xam neft hasilatı mart ayında əvvəlki ayla müqayisədə 45 faizdən çox azalmışdı. Bu azalma Hörmüz boğazı ətrafında gərginlik, terminal əməliyyatlarında fasilələr və neft yükləmə infrastrukturuna qarşı hücum riskləri ilə əlaqələndirilir.
Ekspertlər hesab edirlər ki, Fuceyrə limanında tanker aktivliyinin aşağı düşməsi yalnız BƏƏ üçün deyil, qlobal enerji bazarı üçün də ciddi siqnaldır. Limanın tam gücü ilə işləməməsi Hörmüzdən yan keçən alternativ ixrac marşrutunun da risk altında olduğunu göstərir.
