Papa 14-cü Leo Türkiyəyə rəsmi səfəri çərçivəsində bu gün Ankaradan İstanbula yola düşüb. O, paytaxtdakı proqramının ilk hissəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək dini tolerantlıq, regional vəziyyət və sülh təşəbbüsləri barədə müzakirələr aparıb. Ankaradakı çıxışında Papa Leo Türkiyənin fərqli dinlərin bir arada yaşadığı əhəmiyyətli mərkəz olduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Papa Leo-nun İstanbula səfərinin əsas məqsədlərindən biri tarixi məkanları ziyarət etmək və dinlərarası dialoqu gücləndirməkdir. Onun şəhərdə həm xristian icması, həm də müxtəlif dini-mədəni qurumların nümayəndələri ilə görüşlər keçirməsi planlaşdırılır. Səfərin proqramına həmçinin dini mərasimlər və ictimai mesajların verilməsi daxildir.
Məlumat verilir ki, Papa Leo İstanbulda Sultanahmet Məscidi də daxil olmaqla bir sıra simvolik məkanları görəcək, şəhərin dini icmaları ilə birgə tədbirlərdə iştirak edəcək. Səfərin ümumi məqsədi bölgədə dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşma çağırışını gücləndirmək, həmçinin Vatikanın regionla əlaqələrini möhkəmləndirmək kimi qiymətləndirilir.
