Pakistanın baş naziri Şahbaz Şərif çıxışında ordunun “yeddi Hindistan qırıcı təyyarəsini məhv etdiyini” iddia edib. O bildirib ki, Pakistan prezident Donald Trampın “cəsarətli və uzaqgörən liderliyi” nəticəsində atəşkəsə razılıq verib və bu prosesdə göstərdiyi səylərə görə ABŞ prezidentinə dərin minnətdarlıq ifadə olunub.
Redaksiya xəbər verir ki, Şərif müharibənin tammiqyaslı gedişinin fəlakətli nəticələr doğura biləcəyini vurğulayaraq, “kim sağ qalacaqdı ki, baş verənləri danışa bilsin?” deyə sual edib. O, Trampın Nobel Sülh Mükafatına namizəd göstərildiyini xatırladaraq, “bu, onun sülh sevgisinə görə edilə biləcək ən az addımdır” sözlərini deyib. Baş nazir Trampı “həqiqətən sülh adamı” kimi qiymətləndirib.
Şahbaz Şərif çıxışının davamında “müharibəni udduq, indi sülhü qazanmaq istəyirik” sözlərini səsləndirib. O, masaya əlini çırparaq aqressiv tonda “Fələstin daha İsrailin əsarəti altında qala bilməz. Tam güclə azad edilməlidir” bəyanatını verib.
