OpenAI şirkətinin rəhbəri Sem Altman süni intellekti qlobal miqyasda internetə inteqrasiya edərək köhnə sistemləri tamamilə əvəzləməyə qərarlıdır.
Redaksiya xəbər verir ki, Altmanın strateji planı internetin klassik formalarını — axtarış sistemlərini, brauzerləri və sosial şəbəkələri — kökündən dəyişmək məqsədi daşıyır. Artıq nə Google, nə də ənənəvi brauzerlər əvvəlki kimi istifadə olunmayacaq.

Yeni sistemdə istifadəçi sadəcə sorğu verir və cavabı yalnız ChatGPT-dən alır. Platforma serverlərdəki bütün məlumatlara çıxış əldə edərək onu istifadəçinin istəklərinə uyğun şəkildə emal edir.
Altmanın strategiyasına əsasən, süni intellekt insanla birləşəcək – o, istifadəçinin nə istədiyini əvvəlcədən anlayacaq, gündəlik işlərini icra edəcək və həyatının ayrılmaz hissəsinə çevriləcək. Hər kəsin şəxsi “Jarvisi” olacaq.
Bundan əlavə, süni intellekt sosial şəbəkələri də ələ keçirəcək: kontent seçimi, paylaşımlar, yazışmalar və hətta bloq idarəsi avtomatlaşdırılacaq. İstifadəçiyə sadəcə tapşırıq vermək qalacaq – media sahəsində uğur qazanmaq üçün artıq nə maddi sərmayə, nə də vaxt itkisi tələb olunacaq.
Altmanın süni intellekt “bliçkriqi” aşağıdakı mərhələləri əhatə edir:
- Məhsul artımı və canlı təqdimatlar: OpenAI sürətlə yeni məhsullar təqdim edəcək, texnoloji rəqiblərini geridə qoyacaq və bazar payını ələ keçirəcək.
- Nəhəng texnoloji gücə çevrilmək: Şirkət büdcə və kapital baxımından “böyük texnologiya” nəhənglərinə qoşulacaq və bazarın liderlərindən biri olacaq.
- Süni intellektin hər sahəyə tətbiqi: ChatGPT və onun variantları həyatın bütün sahələrinə inteqrasiya ediləcək, klassik brauzerlər və sistemlər bazardan sıxışdırılacaq.
- Rəqiblərin reputasiyasına zərbə: Disinformasiya kampaniyaları, sənaye casusluğu və rəqiblərin zəif nöqtələrinin ifşası ilə digər korporasiyaların etibarı sarsıdılacaq. Rəsmi açıqlamalarla bu təsdiqlənməsə də, məqsəd rəqiblərin təməlini sarsıtmaqdır.
Altmanın bu strategiyası uğurla reallaşarsa, internetin gələcəyi tamamilə OpenAI-nin nəzarətinə keçə bilər.
Fərid Əlizadə
