OpenAI-nin hazırladığı Astra modelinin daxili versiyası uzun müddətdir tədqiqatçıların üzərində çalışdığı 10 mürəkkəb riyaziyyat və nəzəri kompüter elmləri problemində həll və ya yeni nəticələr əldə edib. Söhbət qrup nəzəriyyəsi, həndəsə, kodlaşdırma, kvant mürəkkəbliyi və kriptoqrafiya kimi sahələrdən gedir. Bu barədə The Economic Times məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Astra tərəfindən əldə edildiyi bildirilən nəticələr arasında qeyri-sofik qrupların mövcudluğuna dair sübut, Konnes fərziyyəsi ilə bağlı nəticə, kürələrin qablaşdırılması və kodlar üzrə yeni sərhədlər, həmçinin üç Erdöş probleminə dair həllər yer alır. Modelin kvant mürəkkəbliyi nəzəriyyəsi, qəfəs əsaslı kriptoqrafiya, həndəsə və qraf nəzəriyyəsində də yeni irəliləyişlər əldə etdiyi bildirilir.
Məlumata görə, nəticələrin hazırlanması zamanı əsas riyazi ideyalar süni intellekt sistemi tərəfindən irəli sürülüb. İnsan tədqiqatçılar isə nəticələrin elmi məqalə formasına salınması, yoxlanılması və sübutların Lean formal sübut sistemində maşın tərəfindən təsdiqlənə biləcək formaya çevrilməsi ilə məşğul olublar. OpenAI daha əvvəl də daxili modellərinin yüksək səviyyəli riyazi problemlər üzərində işləməsi və yoxlanıla bilən sübutlar yaratması istiqamətində nəticələr açıqlamışdı.
Açıqlanan hesablamalara əsasən, Astra-nın bu tədqiqatlar üçün istifadə etdiyi hesablama resurslarının dəyəri Sol API qiymətləri ilə təxminən 2 min dollar səviyyəsində qiymətləndirilib. Nəticələr süni intellekt sistemlərinin yalnız mövcud riyazi məlumatları emal etməklə kifayətlənməyib, yeni sübut strategiyaları və tədqiqat istiqamətləri formalaşdırmaq potensialının artdığını göstərir.
