ABŞ-ın çip nəhəngi Nvidia, süni intellekt sahəsindəki yüksəlişi ilə dünyanın ən dəyərli şirkətinə çevrildi.
Redaksiya xəbər verir ki, Nvidia-nın səhmləri çərşənbə günü 2,76 faiz artaraq şirkətin dəyərini 4 trilyon dollara çatdırdı. Bununla da Nvidia tarixdə bu səviyyəyə çatan ilk ictimai şirkət olaraq Apple və Microsoft-u geridə qoydu.
Yüksəlişin əsas səbəbi Nvidia-nın süni intellekt üçün istehsal etdiyi yüksək performanslı çiplərə olan qlobal tələbatdır. Şirkətin 2025-ci ilin ilk rübündə əldə etdiyi 44,1 milyard dollarlıq gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 69 faiz artım deməkdir.
Tayvan əsilli baş direktor Censen Huanqın sərvəti də 140 milyard dollara çataraq onu dünyanın ən varlı 10 şəxsindən birinə çevirdi. O, Donald Trampla birlikdə Səudiyyə Ərəbistanında keçirilən və Nvidia-nın da iştirak etdiyi 500 milyard dollarlıq “Project Stargate” layihəsində ön plana çıxmışdı.
Nvidia, Çinlə rəqabət, ixrac qadağaları və qiymətli çiplərin tənqidi ilə üzləşsə də, son aylarda səhmlərini 74 faiz artıraraq bazar etibarını bərpa edib. Analitiklər şirkətin 2028-ci ilə qədər 6 trilyon dollar dəyərə çata biləcəyini proqnozlaşdırırlar.
Nvidia-nın bu uğuru, süni intellektin yalnız texnologiya deyil, eyni zamanda qlobal iqtisadiyyat üzərində də inqilabi təsir yaratdığını göstərir.
Fərid Əlizadə
