Venesuelalı müxalif lider Mariya Korina Maçadoya Sülh üzrə Nobel Mükafatının verilməsi ilə bağlı qərarın elanından əvvəl qalibin adının sızdırılması ehtimalı Norveçdə araşdırılır. Məsələ, Nobel qalibləri açıqlanmadan bir neçə saat öncə “Polymarket” platformasında Maçadoya edilən kütləvi mərc artımından sonra gündəmə gəlib.
Redaksiya xəbər verir ki, Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken açıqlamasında, vəziyyətin ən mümkün izahının kiber casusluq ola biləcəyini bildirib. Onun sözlərinə görə, elan olunmamış məlumatın bu qədər dəqiq şəkildə bazara düşməsi təsadüf hesab edilmir.
Norveç Milli Təhlükəsizlik İdarəsi hadisə ilə bağlı rəsmi araşdırma başladıb. Daha əvvəl, 2021-ci ildə Nobel mükafatlarının təqdimatı zamanı Oslo və Stokholmda laureatların rəsmi saytları kiberhücumlara məruz qalmışdı. Hazırkı proses üzrə araşdırmalar davam etdirilir.
