Niderland hökuməti İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir və Maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini rəsmi olaraq qadağan edib.
Redaksiya xəbər verir ki, qərarın səbəbi kimi hər iki nazirin Qəzzada etnik təmizləmə çağırışları etməsi, qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsini dəstəkləməsi və fələstinlilərə qarşı zorakılığı təşviq etməsi göstərilib.
Bununla yanaşı, İsrailin Haaqa səfiri də Niderland Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi xəbərdarlıq alıb. Xarici işlər naziri Kaspar Valdikamp parlamentə göndərdiyi məktubda “Qəzzadakı vəziyyət nə müdafiə edilə biləcək, nə də dözülə biləcək səviyyədədir” deyə bildirib.
Qərar Avropa Birliyinin İsrailin Qəzzaya dair humanitar öhdəliklərini yerinə yetirib-yetirmədiyini müzakirə edəcəyi sessiya ərəfəsində qəbul edilib. Əgər AB İsrailin öhdəliklərə əməl etmədiyi qənaətinə gələrsə, Tel-Əviv ilə elmi əməkdaşlıq və ticarət sazişlərinin dayandırılması gündəmə gətirilə bilər.
Baş nazir Dik Sxof X hesabında verdiyi açıqlamada “Əgər İsrail humanitar öhdəlikləri pozubsa, ticarət razılaşmaları dayandırılmalı və silah ixracına məhdudiyyətlər tətbiq edilməlidir” deyib. O, bu mesajı İsrail Prezidenti İsxak Hersoqa da çatdırdığını əlavə edib.
Qadağaya cavab olaraq nazir Ben-Qvir bildirib: “Avropaya girməyə qadağa qoysanız da, İsraili müdafiə etməyə davam edəcəyəm.”
Niderland Milli Təhlükəsizlik Agentliyi (AIVD) son hesabatında İsraili ilk dəfə ölkəyə təhdid yaradan fəal iştirakçılar siyahısına daxil edib. Sənəddə İsrailin ictimai rəyə təsir etmək və siyasi qərarları manipulyasiya etmək üçün dezinformasiya yaydığı qeyd olunub.
Sevinc Kərimova
