Cəbrayıl Zəfəri: Qələbədən yeni gələcəyə

Cəbrayıl Zəfəri: Qələbədən yeni gələcəyə

Aytac Dəniz · Siyasət ·

Cəbrayıl Qələbəsi Azərbaycanın hərbi strategiyasının ardıcıl və məqsədyönlü xarakterini nümayiş etdirdi.

Cəbrayılın yağı deşmən tapdağından azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş tarixi Qələbənin mühüm səhifələrindən biridir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun şəhər və kəndləri ağır dağıntılara məruz qalmış, əhalinin doğma yurdlarından didərgin düşməsi ilə nəticələnmişdi. Cəbrayılın işğalı yalnız ərazilərin itirilməsi deyil, həm də insanların tarixi yaddaşının və sosial həyatının pozulması demək idi. Rayonun 1050 kvadratkilometr ərazisinin və mühüm sosial obyektlərinin dağıdılması işğalın miqyasını aydın göstərirdi. Tarixi və mədəni abidələrin məhv edilməsi isə işğal siyasətinin yalnız hərbi deyil, həm də mədəni irsə qarşı yönəldiyini nümayiş etdirirdi. Bütün bu çətinliklərə baxmayaraq, Cəbrayıl sakinləri doğma torpaqlara qayıdış ümidini heç vaxt itirmədilər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətin bərpası üçün yeni mərhələ yaratdı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Cəbrayıl rayonunun yaşayış məntəqələri bir-birinin ardınca işğaldan azad edildi. 4 oktyabr 2020-ci il Cəbrayıl şəhərinin azad edilməsi ilə Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günə çevrildi. Cəbrayıl əməliyyatının uğuru hərbi baxımdan olduğu qədər strateji baxımdan da mühüm idi. Rayonun azad edilməsi sonrakı hərbi əməliyyatların inkişafı üçün əlverişli imkanlar yaratdı. Bu baxımdan Cəbrayıl Qələbəsi Azərbaycanın hərbi strategiyasının ardıcıl və məqsədyönlü xarakterini nümayiş etdirdi. Cəbrayılın azad olunması Zəngilan, Qubadlı və Laçın istiqamətində əldə edilən sonrakı uğurlar üçün də mühüm zəmin yaratdı.

Xudafərin körpüsünün azad edilməsi isə Qələbənin tarixi və siyasi əhəmiyyətini daha da artırdı. Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması dövlət suverenliyinin və tarixi irsin bərpasının rəmzinə çevrildi. Bu hadisə Azərbaycan xalqının milli iradəsinin və dövlətçilik əzminin ifadəsi kimi yadda qaldı. Cəbrayılın azadlığı şəhidlərin qanı bahasına əldə edilmiş böyük Zəfərin nəticəsidir. Rayonun müdafiəsi və azad edilməsi uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini təsdiqlədi. Bu qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalının təsis edilməsi də mühüm addım oldu. Ölkə başçısı tərəfindən 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi müəyyən edilməsi tarixi yaddaşın qorunmasına xidmət edir. Belə əlamətdar günlər gələcək nəsillərə Vətən uğrunda mübarizənin əhəmiyyətini aşılamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Cəbrayılın azadlığı Azərbaycanın yalnız hərbi deyil, siyasi və mənəvi qələbəsidir. Bu Qələbə beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü prinsipinin təmin olunmasının mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bu gün Cəbrayılın qarşısında duran əsas vəzifə azad edilmiş ərazinin sürətli və dayanıqlı inkişafını təmin etməkdir. Aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu məqsədin sistemli şəkildə həyata keçirildiyini göstərir. Beləliklə, Cəbrayılın azadlığı keçmişin ədalətsizliyinin aradan qaldırılması ilə yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasının da mühüm istiqamətinə çevrilmişdir.

 

Vüqar Qələşov

Neftçala rayonu