Netflix şirkəti Warner Bros müəssisəsini, o cümlədən film və televiziya studiyalarını, HBO Max və HBO platformalarını əldə etmək üçün Warner Bros. Discovery ilə bağladığı müqaviləni açıqlayıb. Müqavilənin dəyəri ümumilikdə təxminən 82,7 milyard dollar olaraq qiymətləndirilir və prosesin 2026‑cı ilin üçüncü rübündən sonra tamamlanması gözlənilir.
Redaksiya məlumat verir ki, şirkətlərin birləşməsi nəticəsində Warner Bros-un yüzillik irsi ilə Netflix-in qlobal yayım imkanlarının bir araya gələcəyi, bunun isə tamaşaçılar üçün daha geniş və keyfiyyətli məzmun seçimi yaradacağı bildirilir. Şirkət rəhbərləri bu addımın yeni istehsal gücü, daha geniş auditoriya çıxışı və uzunmüddətli komersiya üstünlükləri təmin edəcəyini vurğulayıblar.
Məlumatda qeyd olunur ki, sövdələşmənin şərtlərinə əsasən, Warner Bros. Discovery səhmdarları hər səhm üçün həm nağd vəsait, həm də Netflix səhmləri alacaqlar. Həmçinin WBD-nin qlobal şəbəkələr bölməsinin ayrıca publik şirkətə ayrılması əməliyyatın tamamlanmasından əvvəl həyata keçiriləcək.
Şirkətlər bildiriblər ki, birləşmə təkcə məzmun portfelini genişləndirməyəcək, həm də orijinal istehsala ayrılan investisiyaların artırılmasına, yaradıcı mühitin inkişafına və əyləncə sənayesinin güclənməsinə xidmət edəcək. Proses bütün müvafiq tənzimləyici təsdiqlərdən sonra yekunlaşdırılacaq.
