Netanyahu Şarm əl-Şeyx Sülh Sammitinə qatılmayacaq

Netanyahu Şarm əl-Şeyx Sülh Sammitinə qatılmayacaq

Sevinc Kərimova · Siyasət ·

İsrail Baş naziri Benyamin Netanyahu Misirdə keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitinə qatılmayacaq. İsrail Baş nazirliyinin mətbuat ofisindən verilən açıqlamada ABŞ Prezidenti Donald Trampın Netanyahu­nu Qəzzada qüvvəyə minmiş atəşkəs razılaşması ilə bağlı keçiriləcək sammitə dəvət etdiyi bildirilib.

Redaksiya xəbər verir ki, Netanyahu Trampın dəvətinə təşəkkür etsə də, “tətil dövrünün başlanğıcına yaxın olduğu üçün” tədbirə qatılmayacağını bildirib. Halbuki, Netanyahu daha əvvəl sammitə dəvət olunmamışdı — Trampın birbaşa Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə zəng edərək onun iştirakını təmin etdiyi bildirilmişdi.

Şarm əl-Şeyxdə keçiriləcək sammitdə Tramp, Sisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı bir çox ölkə rəhbərlərinin iştirakı gözlənilir. Tədbirin Qəzzada atəşkəs razılaşmasının icrası və bölgədə yeni siyasi mexanizmin yaradılması barədə müzakirələrə həsr olunacağı qeyd edilir.