Netanyahu radikal islamı qlobal təhlükə kimi dəyərləndirən müsahibə verdi

Netanyahu radikal islamı qlobal təhlükə kimi dəyərləndirən müsahibə verdi

Sevinc Kərimova · Siyasət ·

İsrailin baş naziri Benyamin Netanyahu The Economist nəşrinə verdiyi müsahibədə radikal islamın qlobal təhlükə yaratdığını iddia edib və bu təhlükəni kommunizm və ya Çinlə müqayisədə daha ciddi hesab etdiyini bildirib. Onun sözlərinə görə, fanatik zorakılıq ideologiyası vaxtında qarşısı alınmadıqda müxtəlif ölkələrə yayılaraq ciddi dağıdıcı nəticələrə səbəb ola bilər.

Redaksiya The Economist istinadla xəbər verir ki, Netanyahu müsahibəsində radikal qrupların amansız davranışlarını misal çəkərək bu cür fanatizmin cəmiyyətlər üçün ciddi təhlükə olduğunu vurğulayıb. O bildirib ki, bu düşüncə tərzi sərhəd tanımır və nəzarətsiz qaldıqda digər ölkələrə də sirayət edə bilər.

Netanyahu Böyük Britaniya ilə bağlı hipotetik ssenari irəli sürərək, bir gün ərzində minlərlə insanın qətlə yetirilməsi, işgəncəyə məruz qalması və oğurlanması halında istənilən dövlətin sərt cavab verəcəyini qeyd edib. O, İkinci Dünya müharibəsi dövründə Britaniyanın addımlarını xatırladaraq, İsrailin Qəzza zolağında mülki əraziləri kütləvi bombardmana məruz qoymadığını, əsasən quru əməliyyatlarına üstünlük verdiyini iddia edib.

Müsahibədə Netanyahu İsrailin gələcək hədəflərindən də danışaraq, ölkəsinin on il ərzində ABŞ hərbi yardımından asılılığı tamamilə aradan qaldırmağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, İsrail artıq yetkin dövlət kimi güclü hərbi və texnoloji imkanlara malikdir və öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə biləcək səviyyəyə çatıb.