İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün kürsüyə qalxdığı anda bir çox xarici nümayəndə zalı tərk edib. Bu hadisələrin fonunda isə BMT binasının çölündə yüzlərlə insan Netanyahuya etiraz etmək üçün küçələrə çıxıb. Benyamin Netanyahu həm içəridə, həm də çöldə etirazlarla qarşılaşıb. Baş nazir çıxışı zamanı Yaxın Şərqdə baş verən hadisələr və İsrailin hərbi əməliyyatları ilə bağlı sərt bəyanatlar səsləndirib.
Redaksiya xəbər verir ki, Netanyahu Husi rəhbərliyinin “yarısının məhv edildiyini” iddia edərək, Yəhya Sinvar, Həsən Nəsrullah və Suriya rejiminin “artıq mövcud olmadığını” söyləyib. O, “İranın nüvə obyektlərinin vurulduğunu” bəyan edib və Almaniyanın kansleri Mersin İsrailin Qərbin “çirkli işlərini” gördüyünü etiraf etdiyini iddia edib. Netanyahu çıxışı zamanı İranı Trampın həyatına iki dəfə sui-qəsd cəhdi göstərməkdə günahlandırıb və “İranın hərbi nüvə imkanlarını bərpa etməsinə icazə verilməməlidir” deyə bildirib.
İsrail baş naziri BMT üzvlərini “İsrailin yanında olmağa” çağırsa da, çıxışının böyük hissəsi boş sıralara yönəlib. Netanyahu Qəzzadakı müharibədə mülki itkilərin minimuma endirilməsi üçün İsrail ordusunun “tarixdə heç bir ordunun etmədiyi tədbirləri gördüyünü” vurğulasa da, açıqlanan son rəqəmlərə görə, münaqişədə 65 mindən çox mülki şəxs həlak olub. Baş nazirin bəyanatları zalda qalan nümayəndələr tərəfindən etiraz sədaları ilə qarşılanıb.
