Netanyahu 88-ci dəfə hakim qarşısına çıxdı

Netanyahu 88-ci dəfə hakim qarşısına çıxdı

Nizami Salmanov · Media ·

İsrailin Baş naziri Benyamin Netanyahu korrupsiya və rüşvət ittihamları üzrə davam edən məhkəmə prosesində 88-ci dəfə hakim qarşısına çıxıb.

Redaksiya xəbər verir ki, Netanyahu çərşənbə axşamı Tel-Əviv Regional Məhkəməsində ifadə verib.

İsrailin Kanal 12 televiziyasının məlumatına görə, hakimlər Netanyahunun təhlükəsizlik və siyasi gündəmini nəzərə alaraq iclasın qısa keçirilməsinə razılıq veriblər.

Bu dəfəki dinləmə əsasən “Dosya 2000” kimi tanınan işə fokuslanıb. Həmin işdə Netanyahunun özü haqqında müsbət xəbərlərin yayımlanması qarşılığında “Yedioth Ahronoth” qəzetinin sahibi Arnon Mozeslə gizli razılaşmalar apardığı iddia olunur.

Netanyahu 1000, 2000 və 4000 nömrəli işlər üzrə korrupsiya, rüşvət və vəzifədən sui-istifadə ittihamları ilə üzləşir. O isə bütün ittihamları rədd edir və prosesi özünü devirməyə yönəlmiş siyasi kampaniya adlandırır.

İsrail baş naziri daxili məhkəmə prosesi ilə yanaşı, Qəzzadakı müharibə cinayətləri iddialarına görə Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi ilə də üz-üzədir.