Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Mərkəz bu gündən etibarən vətəndaşlara xidmət göstərir.
Mərkəzin ümumi sahəsi, təxminən 3500 kvadratmetrdir. Burada gün ərzində 500-600 vətəndaşa xidmət göstəriləcək. Yüzdən çox əməkdaşın çalışdığı Mərkəzdə 50-yə yaxın könüllü “Könüllü DOST” proqramı çərçivəsində müxtəlif subproqramlar üzrə vətəndaşlara dəstək olacaqlar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, Mərkəzin binası müasir üslubda dizayn olunub. Burada Tibbi-Sosial Ekspertiza Komissiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin otağı da fəaliyyət göstərəcək. 15 istiqamət üzrə 164 xidmət göstəriləcək. Bu xidmətlər həm sosial müdafiə, həm məşğulluq, həm də əmək münasibətləri sahələrini əhatə edəcək.
Fərid Məmmədov Mərkəzin Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün xidmətlərə çıxışı daha da asanlaşdıracağını bildirib: “Biz DOST Agentliyi olaraq qeydiyyat prinsipi olmadan vətəndaşlarımıza xidmət göstəririk. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarımıza, əsasən, elektron və onlayn formatda, eyni zamanda Çağrı Mərkəzi vasitəsilə xidmətlər göstərilirdi. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarımız artıq bu gündən həmin xidmətləri burada, Regional DOST Mərkəzində ala biləcəklər. Bu, vətəndaşların xidmətlərə daha rahat və operativ çıxışını təmin edəcək”.
Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında yaradılıb. Agentliyin fəaliyyət istiqamətləri əmək və əhalinin sosial müdafiəsi sahəsində göstərilən xidmətləri əhatə edir. Bunlar, əsasən, pensiya, müavinətlər, təqaüdlər, əmək münasibətləri, məşğulluq məsələləri və digər istiqamətlərdir. Agentlik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və hazırda 15 istiqamət üzrə 164 xidmət göstərir.

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb
Aytac Dəniz · Sosial ·