Müxalifət: Kamerun faktiki olaraq avtopilotda idarə olunur

Müxalifət: Kamerun faktiki olaraq avtopilotda idarə olunur

Könül Məmmədova · Media ·

Dünyanın ən yaşlı dövlət başçısı hesab olunan Kamerun Prezidenti 93 yaşlı Pol Biya iki aydır ölkəsinə qayıtmayıb. Onun uzunmüddətli yoxluğu səhhəti və ölkədə mümkün hakimiyyət boşluğu ilə bağlı narahatlıqları artırıb. Bu barədə AP məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Pol Biya iyunun 7-də həyat yoldaşı Şantal Biya ilə birlikdə qısamüddətli şəxsi səfər adı altında Avropaya yola düşüb. Kamerun prezident administrasiyası onun daha sonra İsveçrədə olduğunu təsdiqləyib. Lakin səfərin başlamasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, prezident ölkəsinə qayıtmayıb.

Müxalifət nümayəndələri Biyanın uzun müddət ölkədən kənarda qalmasının idarəçilikdə boşluq yaratdığını bildirirlər. Kamerunda vitse-prezident vəzifəsinin olmaması da bu müzakirələri gücləndirib. Müxalifət ölkənin faktiki olaraq avtopilot rejimində idarə olunduğunu iddia edir.

Pol Biya Kameruna 1982-ci ildən rəhbərlik edir. O, 2025-ci ilin oktyabrında keçirilmiş mübahisəli prezident seçkilərindən sonra səkkizinci yeddiillik müddət üçün vəzifədə qalıb və yeni səlahiyyət müddətinə noyabrda başlayıb. Hazırkı müddəti tam başa vuracağı halda, onun yaşı vəzifədən ayrılarkən 100-ə yaxın olacaq.