Faktdır ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir daha 1993-cü ilin 15 iyun tarixində Qurtuluşa nail oldu. Belə ki, həmin tarixdən etibarən Azərbaycan xalqı təkidlə Bakıya gəlməsini tələb etdiyi Ulu Öndəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi.
Zaman göstərdi ki, doğru olaraq xalqımız dövlətimizin nicatını və inkişafını Heydər Əliyev şəxsiyyətində və siyasətində görürdü. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə əbədi həkk olundu. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Qədirbilən xalqımız gözəl bilir ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. O dövrdə hakimiyyətdə olan AXC-Musavat cütlüyünün yarıtmaz və xəyanətkar siyasəti min-bir əziyyətlə qazanılmış müstəqilliyimizi risk altına salmışdı.
Qeyd etdiyimiz kimi bu vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Heydər Əliyev şəxsiyyəti eyni zamanda Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoydu. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.
Zaman bir daha sübut etdi ki, həqiqətən xalqını sevən və fövqəladə liderlik keyfiyyətləri ilə seçilən dövlət başçısı öz vətəninin taleyində həlledici rol oynamağa qadirdir. Məhz bu ali missiyasına görə Azərbaycan xalqı xilaskar və qurucu lider kimi Heydər Əliyevin ölkəmiz üçün gördüyü işləri daim qədirbilənliklə xatırlayacaq. Onun misilsiz xidmətləri qarşısında hər zaman minnətdar olacaqdır. Bu gün xalqımız 32 il öncə qurtuluş yolu olaraq edilən seçimin xoşbəxtliyini yaşayır.
Dahi şəxsiyyət 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Müzəffər Prezidentimiz cənab İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Cənab İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu strategiyanı zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə son 200 illik tariximizin qələbə və zəfər salnaməsini yaratdı.
Səadət Nəcəfova;
Neftçala rayonu
