Mostarda itkin düşən azərbaycanlı və türkiyəli dağçılar xilas edildi

Mostarda itkin düşən azərbaycanlı və türkiyəli dağçılar xilas edildi

Sevinc Kərimova · Turizm ·

Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında dağlıq ərazidə itkin düşən 6 nəfər — 5 Türkiyə və 1 Azərbaycan vətəndaşı xilas edilib.

Redaksiya xəbər verir ki, qrupun 2-si uşaq olmaqla ümumilikdə 6 nəfərdən ibarət olduğu və kifayət qədər su və əsas avadanlıq olmadan çətin keçidli dağ marşrutuna daxil olduqları məlum olub.

Mostar Dağ Axtarış və Xilasetmə Mərkəzinin məlumatına görə, vətəndaşlar istiqaməti itirdikdən sonra yardım çağırışı ediblər. Əraziyə cəlb olunan axtarış-xilasetmə qrupları itkin düşənləri susuz və fiziki cəhətdən gücdən düşmüş vəziyyətdə tapıb. Yerində ilkin tibbi müdaxilə edilərək, onlara su verilib və qısa zamanda təhlükəsiz əraziyə çıxarılaraq tibbi heyətə təhvil verilib.

Hadisə zamanı dağçıların həyatına təhlükə olmadığı və vəziyyətlərinin sabit olduğu bildirilib.

Bosniya və Herseqovina polisi qeyd edib ki, ötən axşam yerli saatla 18:50 radələrində Sarayevo-Mostar yolunda bir böyüklə bir uşağa rast gəlinib. Məlum olub ki, həmin şəxslər Türkiyə vətəndaşlarıdır və qrupun digər üzvləri dağlıq ərazidə qalıb.

Əraziyə təcili xilasetmə qrupları göndərilib və qalan 4 nəfər də tapılaraq təcili tibbi yardım göstərilib.

Hadisədən sonra Mostar Dağ Xilasetmə Mərkəzi vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, xüsusilə isti yay aylarında dağlıq ərazilərə çıxarkən lazımi hazırlıq görmək, su ehtiyatı, istiqamət tapmaq üçün cihazlar və uyğun texniki avadanlıq olmadan belə riskli yürüşlərə çıxmaq qadağandır.

Sevinc Kərimova