Moskva ‘informasiya kampaniyası’ aparır

Moskva ‘informasiya kampaniyası’ aparır

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan Parlamenti Rusiyanı ölkəyə qarşı “genişmiqyaslı informasiya kampaniyası” aparmaqda günahlandırıb. Bu barədə dövlət agentliyi Azərtac məlumat yayıb. Kampaniyanın səbəbi Prezident İlham Əliyevin “Al-Arabiya” mediasına verdiyi müsahibədə tarixi faktlara toxunması göstərilir.

Redaksiya OC Media-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev sözügedən müsahibədə Azərbaycan Demokratik Respublikasının 1918–1920-ci illərdə mövcudluğundan danışaraq, 1920-ci ildə Rusiyanın ölkəni işğal etdiyini və bolşeviklərin xalqı aldatdığını qeyd edib. O, Naxçıvanın ana torpaqdan ayrılmasına görə məsuliyyətin də Sovet İttifaqının üzərində olduğunu bildirib və bunun “Tramp Marşrutu” layihəsinin zəruriliyini izah etdiyini vurğulayıb.

Parlamentin açıqlamasında bildirilir ki, İlham Əliyevin “tarixi faktlara əsaslanan” cavabı Rusiya ictimaiyyətinə təhrif olunmuş şəkildə təqdim edilib. Bunun ardınca sosial şəbəkələr, televiziya və radikal mövqeli şəxslər vasitəsilə anti-Azərbaycan kampaniyasının başladığı qeyd olunub.

“Belə iyrənc kampaniyaların Azərbaycandakı ictimai rəyə heç bir təsiri yoxdur. Bu fəaliyyətlər sadəcə Rusiya cəmiyyətini saxta narrativlərlə təhrik edir və qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir,” – deyə Parlamentin bəyanatında vurğulanıb.

Məlumata görə, bəzi Moskva yönümlü medialar ölkə rəhbərinin açıqlamalarını təhrif edən məqalələr dərc edib.

Bakı son dövrlərdə Ukraynaya açıq dəstək verməklə yanaşı, silah embarqosunu ləğv edə biləcəyinə işarə edib. Bu fonda rusiyalı təbliğatçılar Azərbaycana qarşı müharibə ritorikasını da artırıblar.