Mirzoyan: Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər

Mirzoyan: Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər

Könül Məmmədova · Media ·

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində ciddi irəliləyiş əldə olunduğunu və iki ölkə arasındakı sərhədin yaxın vaxtlarda açıla biləcəyini bildirib. O, prosesin artıq kifayət qədər irəlilədiyini vurğulayıb. Bu barədə Türkiyənin “Agos” nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Mirzoyan oktyabrın 13-də Varşava Təhlükəsizlik Forumu çərçivəsində Avropa İttifaqının genişlənmə perspektivlərinə həsr olunmuş panel müzakirəsində çıxış edib. Nazir Ermənistanın qonşu ölkələrlə münasibətlərinin yaxşılaşdırılmasını xarici siyasətin əsas istiqamətlərindən biri kimi təqdim edib.

“Biz Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, lakin hesab edirəm ki, proses artıq xeyli irəliləyib. Hətta tamamilə mümkündür ki, sabah səhər yuxudan oyananda xəbərlərdə ‘Ermənistan-Türkiyə sərhədi açıldı’ başlığını görək”, - deyə Mirzoyan bildirib.

Ermənistanın xarici işlər naziri qeyd edib ki, İrəvanla Ankara arasında intensiv diplomatik dialoq davam edir. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş sərhədlərin açılması ilə bağlı ümidləri artırır.

Mirzoyan Türkiyə ilə yanaşı, Azərbaycanla münasibətlərə də toxunub. O, iki ölkə arasında sülhün əldə olunduğunu, lakin prosesin tam yekunlaşması üçün müəyyən addımların atılmasının vacibliyini bildirib.

“Azərbaycanla sülhümüz var, lakin hələ bir neçə addım atılmalıdır. Biz nəqliyyat və tranzit üçün bir-birimizin ərazilərini açırıq, regional kommunikasiyaların qarşısındakı maneələri aradan qaldırırıq. Bununla belə, həllini gözləyən bəzi həssas məsələlər qalır”, - deyə nazir vurğulayıb.

Ermənistanın xarici işlər naziri Avropa İttifaqı ilə münasibətlərə də diqqət çəkərək ölkəsinin Avropaya inteqrasiya istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, qonşu dövlətlərlə mövcud problemlərin həlli bu proses baxımından mühüm əhəmiyyət daşıyır.

Mirzoyan qeyd edib ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması Türkiyə və digər qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına mane olmamalıdır. O, İrəvanın regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Nazir həmçinin ABŞ-nin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması prosesində fəal iştirak etdiyini bildirib. Onun fikrincə, Ermənistan və Azərbaycan arasında kommunikasiyaların bərpası Avropa ilə Asiya arasında yeni nəqliyyat imkanları yarada bilər.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasındakı quru sərhədi 1993-cü ildən bağlıdır. İki ölkə arasında diplomatik münasibətlər də tam bərpa olunmayıb.

Son illərdə Ankara və İrəvan münasibətlərin normallaşdırılması istiqamətində xüsusi nümayəndələr səviyyəsində danışıqlar aparıblar. Tərəflər müəyyən kateqoriyadan olan şəxslər üçün sərhəd keçidlərinin açılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Oktyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı da baş tutub. Nazirlər ikitərəfli münasibətlərin inkişafını, regional əməkdaşlığı və beynəlxalq platformalardakı məsələləri müzakirə ediblər.

Bununla belə, Mirzoyanın açıqlaması Ermənistan-Türkiyə sərhədinin açılması barədə yekun qərarın qəbul edildiyi anlamına gəlmir. Sərhədin açılacağı konkret tarix hələ rəsmi şəkildə elan olunmayıb.