Keniyada illərlə ABŞ və Böyük Britaniyadan olan tələbələr üçün esse və tədqiqat işləri yazaraq qazanc əldə edən minlərlə frilanser ChatGPT və digər generativ Sİ alətlərinin yayılması fonunda sifarişlərini itirib.
Redaksiya xəbər verir ki, onilliyin əvvəlində bu sahənin pik dövründə təkcə Nayrobidə təxminən 40 min nəfər tələbə işlərinin hazırlanması ilə məşğul olub. 2022-ci ildən sonra tələbələrin material hazırlamaq üçün getdikcə daha çox Sİ-dən istifadə etməsi sifarişlərin və xidmət qiymətlərinin kəskin azalmasına səbəb olub.
Bu tendensiyadan təsirlənən şəxslərdən biri 34 yaşlı Teresios Bundidir. O, 12 il ərzində 2,5 mindən çox tələbə işi yazdığını və hər işə görə 40–70 dollar qazandığını bildirib. ChatGPT-nin yayılmasından sonra onun gəlirlərinin ciddi şəkildə azaldığı qeyd olunur.
Bu proses Keniya üçün xüsusilə həssas hesab olunur, çünki ölkə hakimiyyəti uzun müddət rəqəmsal məşğulluq və frilansı işsizliklə mübarizə vasitələrindən biri kimi təşviq edib.
Keçmiş esse müəlliflərinin bir hissəsi indi yeni sahələrə keçməyə çalışır. Belə istiqamətlərdən biri Sİ tərəfindən yaradılmış mətnləri redaktə edərək onları insan tərəfindən yazılmış kimi göstərməyə çalışan “humanizer” xidmətləridir.
Bununla belə, bu bazarın da sabit olmadığı bildirilir. Mətn generasiyası və Sİ məzmununu müəyyən edən sistemlər paralel şəkildə inkişaf etdiyindən frilanserlər daim yeni xidmət modelləri axtarmağa məcbur qalırlar.
