Milli Məclisdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirilib

Aytac Dəniz · Siyasət ·

Noyabrın 18-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının deputatları ilə görüşüblər.

İşçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini bildirib. O, yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimad və dəstəyin əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Həmçinin xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətlərinin və ortaq dəyərlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.

Ukrayna Ali Radasının deputatı Maksim Tkaçenko göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, nümayəndə heyətinin Qarabağa səfərindən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bölgənin inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Bununla belə, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirərək, bu dəstəyin iki ölkə arasında dostluq və həmrəylik münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Daha sonra Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Asim Mollazadə, Kamran Bayramov və Cavanşir Feyziyev, eləcə də Ukrayna Ali Radasının deputatları çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. Parlamentlərarası əlaqələrin dövlətlər arasında siyasi dialoqun dərinləşdirilməsində, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində mühüm rol oynadığı vurğulanıb, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.