“MG Qranit” MMC və həmin şirkətin direktoru Hafiz Musayev cərimələnib.
Buna səbəb şirkətin işçilərinin icbari sığortalanmaması olub.
İş materiallarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “MG Qranit” MMC və həmin şirkətin direktoru Hafiz Musayev barəsində inzibati xəta haqqında elektron protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Protokollarda “MG Qranit” MMC və həmin şirkətin direktoru Hafiz Musayevin bir sıra işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamadığı göstərilib.
Bununla əlaqədar şirkətin və direktorunun İnzibati Xətalar Məcəlləsinin (İXM) 469-1-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətdikləri qeyd olunub.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “MG Qranit” MMC həmin maddə ilə təqsirli bilinərək 5 000 manat məbləğində inzibati cərimə edilib. Eyni qərarla şirkətin direktoru Hafiz Musayev də İXM-in 469-1-ci maddəsi ilə təqsirli bilinib və onun barəsində 1 500 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Qərardan narazı qalan MMC-nin nümayəndəsi və direktor apellyasiya şikayəti veriblər.
Şikayətçilər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və həm şirkət, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istəyiblər. Alternativ olaraq isə iş üçün mühüm halların tam araşdırılmadığını əsas gətirərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş ediblər.
Apellyasiya şikayətlərində əsas arqumentlərdən biri inzibati xəta haqqında elektron protokolların tərtib olunma qaydası ilə bağlı olub.
Belə ki, şikayətçilərin mövqeyinə görə, protokolların hər ikisində onların saat 15:53-də tərtib edildiyi göstərilib. Lakin protokolların “inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar” hissəsində xətanın konkret olaraq hansı tarixdə aşkarlandığı qeyd edilməyib.
Şikayətçilər hesab ediblər ki, protokollarda yalnız işçilərin icbari sığortalanmaması faktının ümumi şəkildə göstərilməsi inzibati xəta haqqında protokolun tərtib edilmə müddətinin müəyyənləşdirilməsi üçün kifayət deyil.
Apellyasiya instansiyası isə bu arqumentlərlə razılaşmayıb.
Məhkəmə iş materiallarını, o cümlədən DƏMX tərəfindən tərtib edilmiş elektron protokolları araşdıraraq hesab edib ki, “MG Qranit” MMC-nin və onun direktoru barəsində İXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcuddur.
Qeyd edilən maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir işçinin icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər 1 500 manat, hüquqi şəxslər isə 5 000 manat məbləğində cərimə edilir.
Apellyasiya instansiyası şikayətdə göstərilən dəlillərin yalnız mülahizədən ibarət olduğunu və hər hansı sənədlə təsdiqlənmədiyini vurğulayıb.
Məhkəmənin qənaətinə görə, “MG Qranit” MMC və həmin şirkətin direktoru Hafiz Musayev tərəfindən İXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə tam sübuta yetirilib. Həmçinin onların hərəkətlərində əməlin inzibati xəta olmasını aradan qaldıran və ya inzibati məsuliyyətdən azad edilmələri üçün əsas yaradan hallar müəyyən edilməyib.
Bu səbəbdən apellyasiya instansiyası şikayətlərin təmin edilməməsinə qərar verib, Gəncə Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Nəticədə “MG Qranit” MMC-nin 5 000 manat, həmin şirkətin direktoru Hafiz Musayevin isə 1 500 manat məbləğində cərimələnməsi barədə qərar qüvvədə qalıb.
Qeyd edək ki, “MG Qranit” MMC 2025-ci ildən dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, şirkətin 7 570,7 manat vergi borcu var. MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Musayev Hafiz Qəzənfər oğludur.
Plat
