Yunanıstanın paytaxtı Afinada Azərbaycan və Yunanıstan arasında iqtisadi və biznes əlaqələrinin genişləndirilməsinə həsr olunmuş biznes forumu keçirilib.
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası çərçivəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın investisiya və ticarətin təşviqi qurumu Enterprise Greece tərəfindən təşkil edilib. Forumda hər iki ölkədən 90-dan çox şirkət iştirak edib.
Tədbirdə Caspian Business Hub-ı qurumun Avropa üzrə səfiri Vaqif Hüseynov təmsil edib. Forum çərçivəsində Vaqif Hüseynov 20-dən çox şirkətin nümayəndələri ilə işgüzar müzakirələr aparıb və 10-dan çox şirkətlə konkret əməkdaşlıq razılaşmaları əldə edib. Yaxın günlərdə bu razılaşmaların memorandumlarla rəsmiləşdirilməsi gözlənilir.
Görüşlər zamanı enerji, mühəndislik, sənaye, investisiya və beynəlxalq layihələr sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə Yunanıstanın enerji infrastrukturu sahəsində fəaliyyət göstərən DESFA və mühəndislik xidmətləri üzrə ixtisaslaşmış Asprofos Engineering şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə mümkün tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Vaqif Hüseynov bildirib ki, bu cür beynəlxalq forumlar Azərbaycan şirkətlərinin Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi, xarici investorlarla əlaqələrin qurulması və qarşılıqlı faydalı biznes əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Caspian Business Hub-ın Afinadakı fəaliyyəti qurumun Avropa istiqamətində beynəlxalq əlaqələrinin genişləndirilməsi və Azərbaycanla Avropa şirkətləri arasında yeni biznes körpülərinin qurulmasına xidmət edir. Əldə olunan razılaşmaların yaxın günlərdə memorandumlarla rəsmiləşdirilməsi və konkret birgə layihələrə çevrilməsi nəzərdə tutulur.
Caspian Business Hub haqqında
Caspian Business Hub beynəlxalq biznes əlaqələrinin qurulması, investisiya imkanlarının araşdırılması, şirkətlərarası əməkdaşlığın inkişafı və Azərbaycan biznesinin beynəlxalq bazarlara inteqrasiyasına dəstək göstərmək məqsədilə yaradılmış biznes platformasıdır.

Vaqif Hüseynov Afinada 10-dan çox şirkətlə əməkdaşlıq razılaşması əldə etdi
Aytac Dəniz · İqtisadiyyat ·