Meta uşaqları platformalara aludə etməkdə ittiham olunur

Meta uşaqları platformalara aludə etməkdə ittiham olunur

Aytac Dəniz · Media ·

ABŞ-də Meta şirkətinin Facebook və Instagram platformalarının uşaqların psixi sağlamlığına təsiri ilə bağlı mühüm məhkəmə prosesi başlayıb. Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi şirkəti gənc istifadəçiləri platformalara aludə etmək üçün məhsullarını bilərəkdən bu şəkildə dizayn etməkdə ittiham edir. Bu barədə Al Jazeera məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, məhkəmə Kaliforniyada federal məhkəmədə keçirilir və təxminən altı həftə davam edəcək. Ştatların iddiasına görə, Meta uşaqların platformalarda daha uzun müddət qalmasını təşviq edən funksiyalar yaradıb, onların məlumatlarını toplayıb və mümkün zərərləri ictimaiyyətdən gizlədib.

İddiada Meta-nın 13 yaşdan kiçik uşaqların məlumatlarını valideyn razılığı olmadan topladığı da bildirilir. Dörd ştat şirkətdən milyardlarla dollar məbləğində kompensasiya və Facebook ilə Instagram-ın fəaliyyət prinsiplərində dəyişikliklər tələb edir.

Meta ittihamları qəbul etmir. Şirkət bildirir ki, yeniyetmələrin təhlükəsizliyini qorumaq üçün Instagram Teen Accounts və valideyn nəzarəti kimi mexanizmlər tətbiq edib. Meta sosial mediadan istifadə ilə yeniyetmələrin rifahının pisləşməsi arasında birbaşa səbəb-nəticə əlaqəsinin sübut olunmadığını müdafiə edir.

Məhkəmədə Meta-nın keçmiş təhlükəsizlik mühəndisi Arturo Bejar ilk şahidlərdən biri kimi ifadə verib. Meta rəhbəri Mark Zukerberq və Instagram rəhbəri Adam Mosserinin də proses çərçivəsində ifadə verməsi gözlənilir.