“Meta AI” istifadəçiləri “WhatsApp”, “Messenger” və “Instagram” platformalarında süni intellektin söhbətlərdən saxladığı məlumatları xüsusi əmrlərlə silə bilərlər. Bu barədə “Meta”nın Məxfilik Mərkəzində məlumat verilib.
Redaksiya istinadla xəbər verir ki, konkret bir Sİ söhbətini sıfırlamaq üçün həmin dialoqda /reset-ai əmri göndərilməlidir. Bu zaman “Meta AI”ın həmin söhbətdəki mesajların surətləri və istifadəçi barədə saxladığı əvvəlki kontekst silinir.
Tətbiq daxilindəki bütün fərdi və qrup Sİ söhbətlərini sıfırlamaq üçün isə “Meta AI” ilə istənilən fərdi dialoqda /reset-all-ais əmri yazmaq mümkündür. Əmr yalnız istifadə edildiyi tətbiqdəki Sİ söhbətlərinə şamil olunur. Məsələn, “WhatsApp”da göndərilən əmr “Instagram” və ya “Messenger” məlumatlarını ayrıca silmir.
Bu əmrlər “Meta”nın serverlərində saxlanılan mesaj surətlərini və söhbət kontekstini silsə də, istifadəçinin cihazında görünən yazışma tarixçəsi qalır. Söhbətin tətbiqdə də görünməməsi üçün istifadəçi onu ayrıca silməlidir.
“Meta” bildirir ki, əmrlər bütün istifadəçilər və platformalarda eyni vaxtda əlçatan olmaya bilər. Mövcud əmrlərin tam siyahısını görmək üçün “Meta AI” söhbətində /ai-options yazmaq mümkündür.
