ABŞ birinci xanımı Melaniya Tramp Cefri Epsteinla bağlı yeni iddialarda hallandırılıb.
Redaksiya The Daily Beast-ə istinadla xəbər verir ki, keçmiş model Amanda Ungaro səs yazısında Melaniya Trampın Donald Trampla Paolo Zampolli vasitəsilə deyil, Epstein vasitəsilə tanış olduğunu iddia edib.
Ungaro iddia edir ki, onun keçmiş tərəfdaşı, model agenti və hazırda diplomat olan Paolo Zampolli Melaniya ilə Donald Trampı 1998-ci ildə tanış etdiyini deməklə həqiqəti gizlədib.
Zampolli isə bu iddiaları rədd edib və onları əsassız adlandırıb. O, Ungaronun səsləndirdiyi ittihamları “biabırçılıq” kimi qiymətləndirib və hüquqi addımlar atılacağını bildirib.
The Daily Beast yazır ki, Ungaro ilə Zampolli arasında uzun müddətdir şəxsi və hüquqi mübahisə davam edir.
Melaniya Tramp isə daha əvvəl Epsteinlə bağlı iddiaları rədd edərək Donald Trampla 1998-ci ildə Nyu-Yorkda bir tədbirdə təsadüfən tanış olduğunu bildirmişdi.
O, Epsteinlə ilk dəfə 2000-ci ildə Donald Trampla birlikdə qatıldığı tədbirdə qarşılaşdığını və onun cinayət əməlləri barədə həmin vaxt məlumatı olmadığını demişdi.
Ağ Ev və Melaniya Trampın ofisi yeni iddialarla bağlı hələlik açıqlama verməyib.
Mövzu Epstein işi, Tramp ailəsinin keçmiş əlaqələri və ABŞ siyasətində şəxsi münasibətlərin yenidən gündəmə gəlməsi fonunda geniş müzakirə yaradıb.
